figure

GƏLİN, ZAMANIN SİRRİNİ AÇAQ SAATLAR

Hər birimiz gündəlik işimizi saatla ölçürük. Saat isə zamanın köksündə ürək kimi döyünməkdədir. Onu bircə anlıq da olsun saxlamaq mümkün deyil, elə bil bu əqrəblər yalnız irəliyə qaçmaq üçün yaranıb. Zamanı idarə etmək iradəmiz və gücümüz xaricində olsa da, vaxtı ölçən cihazlar hazırlamaq, təkmilləşdirmək və onların daha dəqiq işləməsini təmin etməklə sanki zamanla mübarizədə bir pillə də olsa yüksəlməyə cəhd edirik. Vaxtı ölçmək üçün ilk cəhdlərin edildiyi, ilk addımların atıldığı andan indiyədək çox kəşflər edilib, çox yeniliklərə imza atılıb.  Onların hamısı haqqında ətraflı danışmaq mümkün olmasa da, tarixə səyahət etməklə ən vacibləri barəsində məlumat verəcəyik.

“Vaxt qızıldır” ifadəsi təsadüfən deyilməyib. Zaman və vaxt anlamı insanlar üçün həmişə böyük önəm kəsb edib. Ümumiyyətlə,  Adəm övladı yaranandan zamanı ölçməyə çalışıb. Ona görə də vaxtı ölçdüyümüz saatın tarixi çox-çox qədimlərdən başlayır.  Tarixi mənbələrdən əldə edilən məlumatlara görə, XIX əsrə qədər hər şəhər öz mərkəzi meydanında quraşdırılmış qüllə saatlarında göstərilən zamanla yaşayıb. Həmin vaxt qonşu şəhərdə saatın neçə olması əhalini nəinki düşündürməyib, heç maraqlandırmayıb da. Uzun illər ərzində insanlar qüllə saatlarının göstərdiyi vaxtla kifayətlənib. Amma dövran dəyişdikcə hər şey dəyişir. Zamanın tələbi ilə insanlar vaxta qarşı daha dəqiq və həssas olmağa başlayır. Artıq qatarların müntəzəm və təhlükəsiz hərəkətini təmin etmək üçün daha dəqiq vaxtla işləmək tələb olunurdu. Qloballaşan və sənaye cəhətdən inkişaf edən dünyada Yer kürəsinin ayrı-ayrı bölgələrində vaxtın vahid şəklə salınması indi zərurətə çevrilmişdi. Beləcə, vaxt məsələsi ölkə səviyyəsində həlli tələb olunan problem kimi gündəmə gəldi.

1879-cu ildə kanadalı mühəndis Senford Fleminq Yer kürəsi üzrə 24 saatlıq zaman qurşağı yaratmaq təklifi ilə çıxış edir. Ümumdünya vaxt məsələsini həll etmək məqsədilə 1884-cü ildə Vaşinqtonda çağırılmış Beynəlxalq Meridional Konfransda coğrafi amili nəzərə alaraq, ümumdünya vaxtını formalaşdırmaq üçün saat qurşaqları yaradılmalı idi. Bu vaxt qurşaqları arasındakı fərq əsasında ümumdünya vaxtının vahid şəklə salınması tətbiq olunmalı idi. Saat qurşaqlarını yaratmaq üçün isə başlanğıc meridian seçmək tələb olunurdu. Bu səbəbdən sıfırıncı meridianın seçilməsi və dünyanın saat qurşaqlarına bölünməsi qarşıda duran əsas məsələlər idi. Konfransın 13 oktyabr tarixli qərarına əsasən, Qrinviç meridianı sıfır meridianı kimi seçilir. Qrinviçdən başlayaraq üzü Şərqə doğru bütün Yer kürəsi üzrə 24 saat qurşağı yaradılır. Sıfır meridianından etibarən hər 15 dərəcəlik meridianlar ardıcıllığına bir saatlıq vaxt bölgüsü tətbiq olunur. Yeni sistem ayrı-ayrı ölkələr tərəfindən müxtəlif vaxtlarda qəbul olunsa da, 1920-ci ildə demək olar ki, artıq bütün dünya bu yeniliyi tətbiq etdi.  

Amma heç bir yenilik cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Qərarın qüvvəyə minməsi saatsazlar üçün xeyli çətinliklər yaratmışdı. Belə ki, onlar saat qurşaqlarını cihaz üzərində necə təsvir edəcəklərini bilmirdilər. Saatsazlar əvvəlcə məsələni sadə yollarla həll etməyə çalışdılar. Belə ki, iki dəst əqrəb vasitəsilə çalışan saat modelləri hazırladılar. 1930-cu ildə isə Lui Kotye ümumdünya vaxtını hesablamaq üçün yeni sistem təklif edir. Həmin sistemə əsasən, ikinci saat qurşağı və siferblatın, yəni üzərində rəqəmlər təsvir olunmuş lövhəciyin ətrafında dövrə vuracaq 24 saatlıq disk üçün əlavə mərkəzi əqrəb yaradılır.

Qeyd edək ki, Kotyenin kəşfi zamanın ölçülməsinin əsrlər boyu yaranma tarixində dənizdə bir damla qədərdir. Bu ixtiradan sonra sözügedən sahədə çox yeniliklərə imza atılır. 

SAATLAR BARƏDƏ DAHA COX ŞEY ÖYRƏN TARİXİ

Vaxt ölçüsü tarixində xüsusi önəm kəsb edən hadisələr:

1583-cü il

Qaliley kəfgirli saatı kəşf edir. Bu saatın iş prinsipi onun kəfgirinin bərabər zaman kəsiyində rəqs etməsinə əsaslanırdı.

 

1615-ci il

Cenevrəli saatsaz Jan-Baptist Dübul əbədi təqvim mexanizmi ilə çalışan ilk saatı kəşf edir.

 

1675-ci il

Xristian Hüyhens spiral-balans sistemini ixtira edir.

 

1686-cı il

Daniel Kuare bir saat ərzində dörd dəfə zəng vuran mexanizm əsasında çalışan repetirli saat ixtira edir.

 

1728-ci il

Corc Qreqem silindrşəkilli eniş sistemini təkmilləşdirir.

 

1770-ci il

Abraham-Lui Perele avtomatik qurulan saat kəşf edir.

 

1795-ci il

Abraham-Lui Breqe ilk turbiyon mexaniki saatı ixtira edir.

 

1861-ci il

Saatların açarsız qurulma sisteminə patent verilir.

 

1878-ci il

Byendə saatlara dəqiqlik sertifikatı verən ilk İsveçrə institutu təsis edilir.

 

1892-ci il

Audemars Piguet şirkəti Louis Brandt & Co üçün zəng mexanizmli ilk qol saatı hazırlayır.

 

1902-ci il

Sintetik yaqut ixtira olunur. 1908-ci ildən etibarən isə sintetik yaqut saat mexanizmlərində istifadə olunmağa başlanır.

 

1905-ci il

Buhler & Co. fabriki ilk dəfə olaraq lüminessensiya indikatorlu və əqrəbli saat təqdim edir.

 

1908-ci il

Eterna ilk zəngli qol saatını patentlə təsdiqləyir.

 

1915-ci il

Su sızmasından müdafiə sistemi olan ilk saatlar meydana gəlir. Əsl sukeçirməyən saatlar isə 1926-cı ildə istehsal olunmağa başlanır.

 

1921-ci il

Bazarda split-xronoqraflı ilk saatlar peyda olur.

 

1929-cu il

LeCoultre (hal-hazırda Jaeger-LeCoultre) dünyanın ən kiçik mexaniki kalibrini təqdim edir. Calibre-nin ölçüsü 101-14-ün 4,85 mm-ə idi.

 

1927-ci il

Əbədi təqvim (Patek Philippe) mexanizmi ilə çalışan ilk qol saatları yaranır.

 

1934-cü il

Breitling ilk ikidüyməli xronoqraf, Audemars Piguet isə ilk müasir skeleton saat təqdim edir.

 

1937-ci il

Lui Kotye ümumdünya vaxtını ölçmək məqsədilə ikinci saat qurşağı və siferblat ətrafında fırlanan 24 saatlıq disk üçün əlavə mərkəzi əqrəb vasitəsilə yeni sistem təklif edib.

 

1941-ci il

Patek Philippe xronoqraflı və əbədi təqvimli ilk qol saatı təqdim edib.

 

1945-ci il

Rolex-dən Datejust saatının təqdimatı – avtomatik qurulma mexanizmi ilə çalışan ilk rəqəmsal saat modeli. 

 

1948-ci il

İsveçrə istehsalı olan ilk kvars saatı (interyerli) buraxılır. Növbəti il bu saatlar Nevşatel rəsədxanasında peyda olur.

 

1953-cü il

Longines şirkəti ilk portativ kvars saat təqdim edir.

 

1954-cü il

Mikro-rotor köməyi ilə avtomatik qurulan saata ilk patent verilir.

 

1956-cı il

Jaeger-LeCoultre-nin təqdim etdiyi Memovox modeli dünyada avtomatik qurğulu ilk zəngli saat adını qazanır.

 

1961-ci il

Yaponiyada kvars saatlarının prototipi meydana çıxır.

 

1966-cı il

İsveçrədə kvars qol saatlarının ilk prototipi meydana çıxır. Yaponiyada isə ilk elektron saatlar istehsal olunmağa başlayır.

 

1981-ci il

İsveçrə saat sənayesində böhranın ən pik vaxtı yaşanır (“kvars böhranı”).

 

1983-cü il

Saat sənayesi böhrandan çıxmağa başlayır. Tarixi mexaniki saatlarının kolleksiya bumu yaşanır. Dünya şirkətləri bütün diqqəti yenidən mexaniki saat modellərinin hazırlanmasına yönəldirlər.

 

1986-cı il

Audemars Piguet şirkəti turbinli və avtomatik qurğulu ilk qol saatlarının istehsalına başlayır.

 

1993-cü il

Mişel Düfur həm dəqiqə repetiri, həm də kiçik və böyük zənglə təchiz olunmuş ilk qol saatı təqdim edir. Mürəkkəb mexanizmli mexaniki saatlar bu dövrdə böyük populyarlıq qazanır.

Oldest clock tower in the world – Tower of the winds, Athens, Greece

Dünyada ən qədim saatlı qüllə - Küləklər Qülləsi, Afina, Yunanıstan

SAAT NECƏ IŞLƏYIR HƏRƏKƏT

‘Hərəkət’ saatın çalışması deməkdir.

Manual və avtomatik hərəkət mexanizm və yay kimi mexaniki hissələrdən ibarətdir. Burada təcrübə və ustalıq tələb edildiyindən, əksər mütəxəssislər və kolleksiyaçılar bu saat sisteminə üstünlük verirlər.

Mexaniki hərəkət əllə qurulmursa, bu, sizin biləyinizin hərəkəti ilə qurulan avtomatik hərəkət adlanır. Mexaniki hərəkət sistemində vaxta bir neçə dişli ötürücü vasitə ilə nəzarət edilir.

Ancaq, ən dəqiq hərəkət sistemi kvars sistemidir ki, burada bir qayda olaraq enerji mənbəyi kimi batareyadan istifadə olunur. Etibarlı və dəqiq olan bu sistemin istismar xərcləri çox azdır, burada sadəcə batareyanın dəyişdirilməsi tələb olunur.

Kvars hərəkət sistemi batareya ilə çalışır və buna görə də, saat taxılmayan zaman onun işi dayanmır. Kvars saatın batareyası hər 2-3 ildən bir dəyişdirilməlidir.

figure

KOMPLIKASIYALAR

Komplikasiya mexaniki saatın əlavə mexanizmidir. Ən mühüm  komplikasiyalar  bunlardır: avtomatik qurulma sistemləri, vaxt bərabərliyi ekranları, xronoqraflar, eləcə də, geriyə hərəkət, daimi təqvim, repetir hərəkətləri, saatın avtomatik vurulması və zəngli saat.

 

Bölünmüş saniyə xronoqrafı

‘Rattrapante’ kimi də bilinən bölünmüş saniyə xronoqrafında əlavə saniyə əqrəbi var ki, bu da bölünmüş vaxt müddətinin göstərilməsi üçün istifadə edilir. 

 

Daimi təqvim

Adından da göründüyü kimi, daimi təqvimə malik qol saatını yenidən tənzimləməyə ehtiyac yoxdur. Saatın siferblatı sizə saatı, tarixi və bəzən günü və ayı göstərəcək. Ancaq əsas məqam odur ki, saat ili də göstərir. İllik təqvimdə isə, uzun aylardan qısa aylara qədər bütün aylar göstərilir, ancaq 4 ildən bir təkrarlanan uzun il tənzimlənməlidir. Daimi təqvimə malik saatı öz yaxınınıza bağışladıqdan sonra, o, vaxtı uzun müddət saxlayacaq.

 

Dayver saatları

Suyun altında istifadə etmək üçün nəzərdə tutulmuş sukeçirməyən davamlı saat.

 

Dəqiqə repetiri

Dəqiqə repetiri imkan verir ki, bir düyməni vurmaqla, saatlar və dəqiqələr ayrı-ayrı tonlarla bildirilsin. Bu funksiya ilk olaraq işıqlı saatlar ixtira edilməzdən əvvəl saatı taxan şəxsin qaranlıqda da saatı görə bilməsi üçün yaradılmışdı.

 

Dünya vaxtı zonası

Dünya vaxtı zonasında 24 saat boyunca saatın hərəkətini göstərən ekrana malik fırlanan daxili oyuq və 24 saatlıq vaxt zonalarının hər birində mühüm şəhərləri göstərən xarici oyuq var.

Xarici oyuq istifadəçi tərəfindən tənzimlənir, daxili oyuq isə, bir gün ərzində tam bir dövr edir.

 

Enerji ehtiyatı göstəricisi

Enerji ehtiyatı göstəricisi adından məlum olur. Bu, sizin mexaniki saatınızın qurulmaya qədər nə qədər işləyəcəyini göstərir. Əsas yayların və ekranların gərginliyini ölçməklə saatda nə qədər enerjinin qaldığı göstərilir.

 

Geriyə hərəkət xronoqrafı

Geriyə hərəkət xronoqrafı tək bir düymə ilə işə düşən, dayanan və ya yenidən hərəkətə gətirilən vaxt ölçü sistemidir. Bu, həmçinin ‘retour en vol’ da adlanır. Geriyə hərəkət xronoqrafı ilk olaraq aviasiyanın yarandığı erkən vaxtlarda pilotlar üçün hazırlanmışdır. Belə ki, pilotların sürətlə işə salına bilən vaxt ölçmə cihazlarına ehtiyacları var idi. 

 

Günəş/Ay ekranları

Bu komplikasiyalar aşağıdakılar barədə məlumat verir: günün çıxması/batması, ayın çıxması/batması və ayın fazaları.

 

Xronoqraf

Xronoqraf saatda sadəcə olaraq saniyəölçən yerləşir.

 

İkili vaxt zonası/GMT

Bu komplikasiyalar qrupu digər zonalarda vaxtı müəyyən etməyə kömək göstərir. Sizin saatınız iki və ya daha çox vaxt zonasını göstərir.

 

İstehsalına müəyyən hədd və məhdudiyyət qoyulmuş seriya (Limited Edition)

Kolleksiya üçün nəzərdə tutulmuş saat modelləri. Onların ümumi sayına ciddi məhdudiyyət qoyulur.  

 

Rəsmi qaydada sertifikatlaşdırılmış xronometr

Müxtəlif şəraitdə sərrast işlədiyini təsdiqləyən sertifikat almış mexanizmə və yüksək dəqiqliyə malikdir.

 

Saat vuruşu

15-ci əsrin əvvəllərində keçən saatları elan etmək üçün ən qədim komplikasiya sayılan saat vuruşu mexanizmi tətbiq edilməyə başlanmışdır. 

 

Sadə təqvim

Saatda ən sadə komplikasiya vaxtın göstərilməsi funksiyasıdır. Gün-tarix funksiyası həftənin gününü də tarixə əlavə edir.

 

Skelet (skeleton) mexanizm

Maksimum mexanizm “şəffaflığ”ına nail olmaq üçün körpü və çarxların hazırlanmasında minimum miqdarda metaldan istifadə olunan zərif mexanizmli platin saat. 

 

Tourbillon

Bu, komplikasiyaların kralıdır. Saatın işinin dəqiqliyinə təsir göstərən cazibə qüvvəsinin və digər qüvvələrin təsirini hesablamaq üçün 1801-ci ildə Abraham-Luis Perrelet tərəfindən ixtira olunmuş mexaniki divar saatı və ya qol saatı üçün tənzimləyici sistemdir. O, ən həyəcanverici saat mexanizmlərindən biridir və indiyə qədər möhtəşəm komplikasiya sayılmaqdadır.

 

Vaxt bərabərliyi

Vaxt bərabərliyi saatın «həqiqi» günəş vaxtı (təbiətə aid olan) ilə «orta» günəş vaxtı (insana aid olan) arasındakı fərqi göstərir. Bu nadir və poetik komplikasiya adətən digər astronomik göstəricilərlə kombinə edilir.

 

Zəngli saat (Sonnerie)

Saatın neçə olduğunu müəyyən vaxtlarda avtomatik qaydada səs siqnalı ilə bildirən mexanizmlə təchiz olunmuş qurğu. Zəng sinc və ya simin vasitəsilə səslənir. Bir qayda olaraq hər saatın tamamında bir və ya bir neçə zəng səsi eşidilir. On beş dəqiqədən bir və ya daha kiçik intervalda vuran ikisəsli zəng mexanizminə malikdir. Böyük zil ikisəsli mexanizm olub hər bir saatın tamamınadək dörd dəfə səslənir. Eşidilən zil üç və ya dörd səslə, eləcə də müxtəlif melodoiyalardan istifadə olunmaqla ayrı-ayrı səs tonları ilə zəng vuran sistemdir. 

MATERIALLAR

Qızıl

Qızıl həmişə saatlar üçün standart olub, ancaq artıq zaman dəyişib. Avtomobil və aerokosmik sənayelərdə istifadə olunan digər materiallar saat istehsalçılarını yeni, yüngül çəkili elementləri və birləşmələri sınaqdan keçirməyə sövq etmişdir.

 

Paslanmaz polad

Yüngül çəkili, sərfəli qiymətli və yeyilməyə qarşı dayanıqlı qoruyucu xrom üzləmə.

 

Keramika

Sirkonium oksid – isitmə və soyutma prosesləri nəticəsində yaradılan qeyri-metal material. Bu, davamlı, yüngül çəkili, cızılmalara qarşı dayanıqlı, hamar və müasir materialdır və müxtəlif rəng çalarlarında istehsal oluna bilir. Təbabətdə də istifadə olunur, məsələn, implantantların hazırlanması üçün, çünki o, hipoallergendir. 

 

Titan

Dəmir, alüminium, vanadium, molibden və ya digər metallarla qarışdırılmış titan. O, davamlı, yüngül çəkili, yeyilməyə qarşı dayanıqlı və metala qarşı allergiyası olanlar üçün idealdır. O, ən yüksək güc-çəki əmsalına malikdir.

 
Platin

Boz-ağ rəngdə sıx, döyülə bilən, asanlıqla emal olunan bahalı metaldır. Platin – yer qabığında rast gələn ən nadir metallardan biridir. O, hətta yüksək temperaturlar zamanı korroziyaya qarşı davamlıdır və nəcib metal hesab olunur. Platinin illik hasilatı cəmi bir neçə yüz ton təşkil edir, bu çox nadir materialdır və həddindən artıq qiymətli əsas metaldır. 

 
Karbon lif

Termal şəkildə sarılmış liflərə tətbiq edilmiş və qatranla əhatələnmiş karbon. Bəzən daha güclü olmaq üçün polimerlə birlikdə istifadə olunur. O, möhkəm, yüngül çəkilidir və müasir üsluba malikdir.

 

Buxar kondensasiyası

Oksidlər, karbidlər və ya nutridlərlə yerinə yetirilən buxar üzləməsinə malik polad. O, dayanıqlılığı artırır və metal komponentlərin sürtünməsini azaldır.

 

Almazabənzər karbon

Almazla oxşar xüsusiyyətlərə malik karbon üzləmə. O çox sərt, yeyilməyə və cızılmaya qarşı müqavimətli və uzunömürlü metaldır. O, çoxsaylı fiziki zərbələrə davam gətirə bilir.

 
Magic gold (HUBLOT-dan qızıl) 
Bu EPFL (Lozannada İsveçrə Texnoloji İnstitutu) metallurgiya departamenti ilə əməkdaşlıqda bir neçə il ərzində həyata keçirilmiş tədqiqatların məhsuludur. Hublot xalis qızıl və tozşəkilli bor karbidi (keramika) əsasında ərinti hazırlamışdır6 bu 18 karatlıq qızıl ərintisidir ki, o, sərtlik və cızılmaya davamlılıq baxımından ənənəvi qızıl ərintilərindən üstündür və eyni zamanda, keramikanın və qızıl ən yüksək xüsusiyyətlərini özündə saxlayır. Cilalama zamanı xam ərinti demək olar ki, öz rəngini qara rəngdən nadir qızılı rəngə qədər dəyişir. Buradan da onun “ecazkar qızıl” adı yaranmışdır. Müstəsna olaraq, Hublot zavodunda istehsal olunan Magic Gold qiymətli metalların yeni ərinti dövrünün sələfidir.
 
Tantal (nadir istifadə olunur)

Xalis tantal 20-ci əsrin əvvəllərindən əlçatan oldu. Müstəsna mexaniki xüsusiyyətləri, möhkəmliyi, korroziyaya qarşı davamlılığı və eksklüzivliyi sayəsində tantal həmçinin, saat korpuslarının və saat şüşələri üçün novcuqların hazırlanması üçün istifadə olunur.

 Audemars Piguet və Hublot xalis tantal istifadə edirlər ki, onun tünd boz rəngi qızıl, polad, platin və titan ilə gözəl ahəng yaradır. Tantal saatların xarici hissələrinin hazırlanması üçün uyğundur, allergik deyil və tam təsirsizdir.

SAATINIZA NECƏ QULLUQ EDƏ BILƏRSINIZ QULLUQ

Gündəlik qulluq

Həyatımızın ayrılmaz hissəsi olan saat bizim ən dəqiq və ən etibarlı dostumuzdur. Lakin bizi yanıltmaması üçün gərək onun qayğısına qalmağımız, istifadəsi, saxlanması və daşınmasında müəyyən qaydalara riayət etməyimiz lazımdır. Temperaturun gözlənilmədən azalması şəraitində saatdan istifadə etmək məsləhət deyil. Onun yerə düşməsinə və zədə almasına yol verməməyə çalışmalıyıq. Əgər sizdən asılı olmayan səbəbdən saatı əlinizdən salıb zədələmisinizsə, onu mütləq servis mərkəzinə aparmağınız məqsədəuyğundur.

Hava limanında metal detektordan keçərkən qolunuzdakı saatı çıxarmağı unutmayın.

Saatınız sukeçirməyən mexanizmə malikdirsə, suyun altında onu qolunuzdan çıxarmaya bilərsiniz. Lakin dənizdən və ya hovuzdan çıxdıqdan sonra duzlu suyu təmizləmək üçün onu mütləq yaxalamağınız məsləhətdir.

Saatın korpusunun üzərini və metal bilərzik hissəsini xovsuz yumşaq parça ilə təmizləmək olar.  Bir çox saat istehsalçıları və saat aksessuarları üzrə ixtisaslaşmış şirkət rəhbərləri səyahət zamanı saatınızı özünüzlə aparmaqdan ötrü onu xüsusi futlyara yerləşdirməyi məsləhət görürlər.

 

Servis

Sevimli saatınızın qayğısına qalmaq üçün sizin mütləq servis xidmətinə ehtiyacınız var. Saat bir neçə ildən bir (bu dövrilik ayrı-ayrı modellərdən asılı olaraq dəyişdiyi üçün onu saatı alarkən satıcıdan dəqiqləşdirin) istehsalçı manufakturasına və ya istehsalçı tərəfindən avtorizə edilmiş servis mərkəzinə aparılmalıdır. Əks təqdirdə “servis” saatınıza yalnız ziyan vura bilər: ən yaxşı halda istehsalçının sizə vəd etdiyi zəmanəti azaldacaq. Amma daha pis sürprizlə də qarşılaşa bilərsiniz. Bu sahənin mütəxəssisi olmayan və zəruri avadanlıqlardan istifadə etməyən “usta” tərəfindən saatınız tamamilə yararsız hala salına bilər. 

Mühüm bir məqamı unutmayın, hətta sukeçirməzlik nişanına malik olan saatlarda belə bu özəllik əbədi deyil. Bu cür saatların daşınma və saxlanma zamanı şüşəsi, qurulma başlığı, korpusu, arxa qapağı və bilərzik hissəsi zədələnməsə də, onun sukeçirməzliyini vaxtaşırı rəsmi texniki xidmət servisində yoxlatdırmalısınız.

Kvars saatlarda isə bir neçə ildən bir batareyanı dəyişmək lazımdır.